
Həmin Türkiyədir - Azərbaycana Atatürkdən bu yana sahib çıxa bilməyən, əvvəl Sovet müstəmləkəsinə, sonra neokommunist işğalına, axırda da monarxiyaya qurban verən Türkiyə! Sağ-salim göndərdiyimiz Elçibəyin tabutunu üstümüzə göndərən Türkiyə! Həmin Türkiyədir - "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" deyib sevincimizə kədərlənən, kədərimizə sevinən - xalq hakimiyyətinin devrilməsinə göz yumub YAPtokratiyaya qucağını monqol çölləri kimi geniş açan Türkiyə! Həmin Türkiyədir - bu günədək demokratiya uğrunda döyülən, söyülən, öldürülən, həbsə atılan bir azərbaycanlının haqqını müdafiəyə qalxmayan, əvəzində ordan bura el basa-basa ömrü boyu diktaturanı vəsf etmiş xalq şairinin əlini öpməyə səfir göndərən Türkiyə!
"Qardaş Türkiyə" deməyə dilim dönmür, hanı qardaşıqsa, niyə əziləndə, döyüləndə onun yox, Norveç, ingilis, amerikan səfirlərinin qapısına yüyürürük? Parlamentin 90 illiyində Rəsulzadənin adı bir dəfə çəkildi - o da rumıniyalı spikerin dilindən. Məmməd Əminin mühacirət etdikdən sonra bir neçə gün də olsa, Rumıniyada yaşadığını qürurla söylədi. Hardaydı Rəsulzadənin qəbrini əmanət etdiyimiz Türkiyənin spikeri? Niyə bir dəfə də böyük öndərin adını çəkmədi? Hə, artıq bu Türkiyə mənə Rumıniya qədər doğma deyil. Bu Türkiyəyə çox darğınıq, çox qırğınıq, çox küsgünük. Və nə qədər darğın, qırğın olsaq da, küssək, incisək də, Fateh Terimin cocuqlarına qıymağa əlimiz, dilimiz, ürəyimiz gəlməz! Çempionatdan öncə acıqca, Mövlud Çavuşoğlusuna nifrətlə "dostlar, Türkiyənin hər məğlubiyyətinə zurna-qavallı qonaqlıq məndə!" demişdim, amma nə olsun, ekran başına keçincə… Olmuyor, olmuyor, olmuyor! Təkcə qan məsələsi deyil. Türkiyənin qələbəsinə Türkiyədən daha çox ehtiyacımız var. Onlar həm də bizim üçün oynayır. Onlar bunun fərqində deyil. Onlar həm də bizim üçün qalib gəlir. Onlar bunun fərqində deyil.
Rusiya bizə məktəb, teatr, konservatoriya, filarmoniya verdi, mədəniyyət verdi bir sözlə! Türkiyə, sən nə verdin dönərdən, Rafet El Romandan başqa! Amma biz yenə də könlümüzdə səni tutduq, ikicə ay əvvəl UEFA qalibi olmuş rus klubu "Zenit" kimsənin ağlında deyil, hələ də 8 il əvvəlki "Qalatasaray" zəfərinin həyəcanı ürəyimizi titrədir! Bu gün də sənə həyəcanlanır, sənə sevinirik, bu yarışda Rusiya da olsa, o da qələbələri sıralasa belə!
Xorvatiya zəfərindən dərhal sonra Seymur Baycan mesaj göndərir: "Nə yaxşı ki, bu Türkiyə var, özümüzü arsızlığa qoyub biz də sevinirik". Hə, özümüzü arsızlığa qoyub… sevinirik. Çünki biz çoxdandı qələbələri yadırğamışıq, çoxdandı - 1918-ci ildən, 1992-ci ildən. İndi eşələsən, dünyada bizim qədər qələbə acı olan ikinci bir xalq yoxdur. Hələ ki bu qələbəni bizə Türkiyə dadızdırır.
Biz bu gün xirtdəyəcən qəzəbli, acıqlı olsaq da, Türkiyənin qələbəsini istəyirik. Dörd aydan sonra Azərbaycan tale matçına çıxır. 2008-ci il, 15 oktyabr. Beş il öncənin revanş günü. Bir final gibi yəni. Onda görəlim səni, Türkiyə! Bu qədəri yetər, üzmə bizi, sən də bizim qələbəmizi istə!
qaynaq: Almaqezeti.com

